Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir? | TƏHLİL

   Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir?    | TƏHLİL
  12 May 2025    Oxunub:429
Ölkə iqtisadiyyatında cari ilin I rübü ərzində cəmi 0,3% artım əldə olunsa da, dövlət büdcəsi ilk dörd ayda gəlirlər üzrə 13 milyard 964 milyon 900 min manat təşkil etməklə proqnozdan 219 milyon 700 min manat və ya 1,6% çox icra edilib. Qeyd olunan müddətdə büdcənin xərcləri 11 milyard 191 milyon 900 min manat proqnoza qarşı 10 milyard 961 milyon 900 min manat, yəni 97,9% təşkil edib. Beləliklə, 3 milyard 3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Diqqəti cəlb edən odur ki, dövlət büdcəsi mədaxilinin əsasını təşkil edən Dövlət Neft Fondundan (ARDNF) transfert 4 milyard 579 milyon 100 min manat təşkil edərək, ilk dörd ay üçün nəzərdə tutulandan 247 milyon 900 min manat və ya 5,1% azdır. Bu il ərzində ARDNF-dən dövlət büdcəsinə 14 milyard 481 milyon manat köçürülməlidir ki, bu da 37,8% mədaxil deməkdir.

Sual yaranır ki, hər şey yaxşıdırsa, bəs müavinət və təqaüdlərin artırılması niyə gecikir?

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləğinin 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməsilə ölkədə 2019-cu ildən bəri həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlandığı elan olundu. Bütövlükdə paketin icrasından 3 milyon vətəndaş yararlanacaq. Bura daxil olan addımların bəziləri - müxtəlif sahələrdə əməkhaqqlarının artırılması, əmək pensiyalarının indeksləşdirilərək yanvarın 1-dən yüksəldilməsi, fevralın 1-dən isə minimum pensiya məbləğinin 14,3% qaldırılaraq 320 manat müəyyən olunması artıq atılıb. Lakin sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır. Prezident İlham Əliyevin keçən ilin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində Dövlət başçısına təqdim etsin.

Yeri gəlmişkən, 2019-cu ildən bəri həyata keçirilən beş sosial paket nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 3 dəfəyə kimi, müavinət və təqaüdlərin həddi isə keçən ilədək 5 dəfə artıb. Dövlət büdcəsində sosialyönümlü xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə yüksələrək 16,9 milyarda çatıb.

Prezidentin sərancamı ilə Nazirlər Kabinetinə verdiyi müddət martın 23-də başa çatıb. Söhbət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə verilən müavinət və sayca təqribən, 13 növ təqaüd məbləğlərindən gedir ki, bütün bunlar üzrə qeyd etdiyim kimi artımlar hələ ki gecikir.

Hesab edirəm, büdcədə 3 milyard 3 milyon manat profisit, üstəgəl 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə öncədən 4 milyard 811 milyon manat ayrılması fonunda müavinət və təqaüdlərin hələki artırılmaması hökumətin dünya bazarlarında qiymətlərin dinamikasını gözləməsi ilə bağlıdır. Çünki başqa izahat vermək çətindir.

4 milyard 811 milyon manat vəsait 2024-cü illə müqayisədə 420 milyon manat artıqdır. Xatırladaq ki, 2024-cü ildə sözügedən istiqamət üzrə 4 milyard 391 milyon manat ayrılmışdı.

Bəs nə etməli?! Çıxış yolu nədədir?

Çıxış yolu əslində, məlumdur. Hökumətin kənar risklərdən sığortalanmaq və xüsusən də, əhalinin sosial müdafiəsi istiqamətində atmaq istədiyi addımlara təhdid yarada biləcək təsir və təzyiqlərə qarşı mübarizədə birdəfəlik radikal siyasətə keçməsi vacib və labüddür. Məsələn, minimum əməkhaqqının artırıldığı illərə nəzər salsaq, 2019-cu ilin xüsusən seçildiyini görərik. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı. Nəticədə sözügedən göstərici ilk dəfə olaraq yaşayış minimumu həddini keçdi. Hökumət illərlə buna nail olmağa çalışırdı.

Artıq beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla, əvvəlki dövrdəkindən daha böyük məna və mahiyyət kəsb edir. Bunlara necə nail olundu? Sözügedən dönəmdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna məhz Dövlət başçısının verdiyi tapşırıqlar və səlahiyyətlər əsasında nail oldu. Böyük qətiyyət göstərildi - saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası və digər ödənişlər alan minlərlə vətəndaş bu "hüquqlarından" məhrum edildilər və onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq, qərəzsiz imtiyazların əldə olunması üçün mexanizmlər şəffaflaşdırıldı. Bu addımların atılması nəticəsində milyonlarla əlavə vəsait dövriyyəyə daxil edildi. Ona görə də ciddi artımlara getmək oldu. Odur ki, islahatlar davam etdirilməlidir. Çıxış yolu yalnız bundadır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial-siyasət  





Xəbər lenti